NATO Hərbi Komitəsi Gürcüstana səfər edib

 

NATO Hərbi Komitəsi Gürcüstana səfər edib.

NATO -ya üzv ölkələrin hərbi nümayəndələrinin səfərinə komitənin sədri, admiral Rob Bauer rəhbərlik edir.

Şimali Atlantika Alyansının ali hərbi qurumunun nümayəndə heyətini Tbilisi Beynəlxalq Hava Limanında fəxri qarovulun müşayiəti ilə Gürcüstan Müdafiə Qüvvələrinin rəhbər şəxsləri qarşıladılar.

Səfər çərçivəsində, NATO Hərbi Komitəsinin və Gürcüstanın plenar iclası keçiriləcək, iclasda NATO Hərbi Komitəsinin nümayəndələri bölgədəki təhlükəsizlik mühiti və ölkənin qarşısında duran çağırışlarla ətraflı tanış olacaqlar. Birgə iclasda Müdafiə Qüvvələrinin transformasiya prosesi, NATO-Gürcüstan hərbi əməkdaşlığının əhəmiyyəti və Qara dənizin təhlükəsizliyinin gücləndirilməsi siyasəti də daxil olmaqla gələcək prioritetləri müzakirə olunacaq.

NATO Hərbi Komitəsi sədrinin Gürcüstanın baş naziri və Gürcüstanın Müdafiə Nazirliyinin rəhbər şəxsləri ilə yüksək səviyyəli ikitərəfli görüşləri planlaşdırılır, görüşlərdə davam edən müdafiə islahatları və NATO ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

NATO Hərbi Komitəsinin nümayəndələri, həmçinin NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) baş çəkəcək, burada NATO standartlarına əsasən təşkil olunmuş müdafiə qüvvələrinin təlim imkanları, yeni infrastruktur və sistemlər ilə tanış olacaqlar.