NATO baş katibinin müavini - NATO Qara dənizin blokadadan çıxarılmasında iştirak etmək istəmir
NATO Qara dənizin blokadadan çıxarılmasında iştirak etmək istəmir-bu barədə NATO baş katibinin müavini Mircha Coanna Ukrayna mətbuatına müsahibəsində bildirib.
“NATO-nun hərbi imkanlarının cəlb edilməsi vəziyyəti həll etməyəcək. Əksinə, biz bunun gərginliyə səbəb olacağına inanırıq”, – Coanna jurnalistin Ukraynadan Qara dənizdən keçən ticarət yollarının blokadadan çıxarılması variantları barədə sualına cavabında belə deyib.
Coana qeyd edib ki, tərəfdaşlar həll üçün başqa variantlar tapmağa çalışırlar. Onun sözlərinə görə, bunlardan birincisi dəmir yolu və avtomobil yolları ilə Avropa İttifaqı ölkələrinin limanlarına çatdırılmasıdır və bu marşrut çatışmazlıqlara baxmayaraq, artıq taxılın bir hissəsinin ixrac üçün çıxarılmasına imkan yaradır.
“Həqiqətən çox çətin olan ikinci variant Qara dəniz boyu təhlükəsiz dəhlizlərin təşkilidir. Rusiya bunun həmtəşkilatçısı olacaq, çünki Rusiya bu səhnənin oyunçusudur” -deyə Mircha Coanna bildirib.
Bununla yanaşı, Coanna NATO-nun üzvü olan Türkiyənin vasitəçilik səylərini, eləcə də BMT-nin iştirakını müsbət qiymətləndirib.