Bu heyrətamiz hadisə Birinci Dünya Müharibəsi zamanı baş verib və idman tarixində bəlkə də ən humanist hadisəyə çevrilib. Bu 480 kilometlik Qərb cəbhəsində yüz minlərlə qanlı düşmənin ümumi bayram və futbol sevgisi ilə barışdığı bir gün idi. . .
1914-cü ilin Milad gecəsinin sübh çağı yaxınlaşırdı. Qərb cəbhəsindəki qanlı döyüşlər artıq yarım milyondan çox insanın həyatına son qoymuşdu. Avropa alov çənbərində mühasirədə idi. İlk döyüşçünün Milad mahnısına geniş cəbhənin hansı hissəsində başladığını bu günə qədər heç kim bilmir, lakin ilk olaraq almanların bayram hazırlıqlarına başladığı bilinir.
Əsgərlər şam ağaclarını bəzəyərək, şamlar yandırdılar və Milad mahnılarını oxumağa başladılar. Cəbhənin bir neçə kilometrlik xəttində on minlərlə əsgərin səsi bir-birinə qovuşdu. Almanların oxuduqları nəğməyə britaniyalı və fransız əsgərləri də qoşuldular. Atışma dayandı. Döyüşçülər neytral əraziyə yürüş edərək, düşmənlərini Milad bayramı münasibətilə təbrik edir, hədiyyələri, yeməkləri, şirniyyatlar, içkilər və siqaretləri dəyişirdilər.

Qanlı düşmənlər dostlaşaraq ortaq bayram keçirdilər. Az əvvəl pulemyotların və topların gurultusuna minlərlə yaralının yanqı oyadan ah-naləsinin qarışdığı yer müxtəlif dillərdə mahnı oxuyan döyüşçülərin şənlik yerinə çevrildi. Tamamilə gözlənilməz və ani atəşkəs ertəsi gün də davam etdi. İkinci gün almanlar və britaniyalılar neytral ərazidə səngərlər arasında futbol oynamaq üçün bir-birləri ilə görüşdülər. Bu qarşılaşmanı dünyanın bir çox aparıcı qəzetləri işıqlandırıb. İnsan mehribanlığı ilə dolu qəribə matçı təsvir edən fotoşəkillər hələ də qalıb. Biz bu şəkillərə baxır və idmanın əsas məqsədini – ölkələr arasında düşmənçiliyi dostluq və sağlam rəqabətə, döyüş meydanını isə mübarizə meydanına çevirmək olduğunu açıq şəkildə görürük.

Bundan daha dramatik bir futbol matçı təsəvvür etmək çətindir. “Milad Matçı” hekayəsi bütün dünyaya yayıldı. Müxalif düşərgələrdəki əsgərlər döyüşü davam etdirməkdən imtina edirdilər. Bəzi alim və tarixçilərin fikrincə, hadisə o qədər mühüm oldu ki, Birinci Dünya Müharibəsi daha tez başa çata bilərdi. Lakin, siyasətçilər yenə də müharibənin demək olar ki, sönmüş alovlarını yenidən alovlandıra bildilər və I Dünya Müharibəsi sonrakı illərdə 15 milyondan çox insanın, o cümlədən on minlərlə gürcünün həyatına son qoydu.
Və hesabın isə, əlbəttə ki, mənası yoxdur, çünki Milad matçı, hər iki tərəfin qalib gəldiyi ən nadir futbol matçıdır.
