Müdafiə Nazirliyinin yaralı hərbçilərdən ibarət komandası Şotlandiyadan medallarla qayıdıb
Müdafiə Nazirliyinin yaralı hərbçilərdən ibarət komandası Şotlandiyadan medallarla qayıdıb

 
Gürcüstanın Müdafiə Nazirliyinin yaralı hərbçilərdən ibarət komandası Şotlandiyada uğurlu yarışdan sonra vətənə qayıdıb. Gürcüstanın hərbi para-idmançıları mürəkkəb relyefdə yürüş üzrə üç qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

Müdafiə nazirinin müavini Paata Patiaşvili hərbçiləri uğurlu yarışa görə təbrik edib və onlara uğurlar arzulayıb.

Hərbi para-idmançılar 24 saat ərzində 88 kilometr məsafə qət etməli idilər. İdman yarışında gürcülərdən başqa, Böyük Britaniya, Amerika, Avstraliya, Bolqarıstan, Fransa, İtaliya, Polşa, İspaniya və Ukraynadan olan hərbçilər, veteranlar və mülki şəxslər iştirak ediblər.

Müttəfiq Qüvvələr Fondunun (Allied Forces Foundation) egidiyası ilə keçirilən idman tədbiri Perzir şəhərində keçirilib. Oxşar tədbirlər para-idmançılarda özünə hörməti artırmaq məqsədi daşıyır və təcrübə mübadiləsi imkanı yaradır. Yaralı əsgərlərə qayğı Gürcüstanın Müdafiə Nazirliyinin prioritetlərindən biridir. Nazirlik onların fiziki və psixoloji reabilitasiyası prosesinə, idman aktivliklərinin həyata keçirilməsinə, yerli və beynəlxalq idman tədbirlərinə cəlb olunmasına dəstək verir.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.