Müdafiə Nazirliyində general Bred Nikolsonu qəbul ediblər
Müdafiə Nazirliyində general Bred Nikolsonu qəbul ediblər

 
ABŞ Ordusunun Təhlükəsizliyə Dəstək Komandanlığının komandanı briqada generalı Bred Nikolson Gürcüstanda səfərdədir.

Müdafiə Nazirliyinin yaydığı məlumat üzrə, amerikalı generalı Müdafiə Qüvvələrinin komandanı general-mayor Qiorqi Matiaşvili və nazir müavini Paata Patiaşvili qəbul ediblər.

“Görüşlər zamanı tərəflər müdafiə və təhlükəsizlik sahəsində ABŞ-Gürcüstan əməkdaşlığının məsələlərini müzakirə ediblər. Gürcüstan tərəfi amerikalı generala ABŞ-ın göstərdiyi qəti siyasi və əməli yardıma görə təşəkkür edib. Tərəflər ABŞ-ın Təhlükəsizliyə Dəstək Komandanlığı ilə səmərəli əməkdaşlığın gedişatı və perspektivlərini müzakirə ediblər.

Komandanlığın Gürcüstanın Müdafiə Qüvvələrinin modernləşdirilməsi və transformasiyası prosesinə mühüm töhfəsi vurğulanıb. Söhbət zamanı “Gürcüstan üçün müdafiə və çəkindirmə tədbirlərinin gücləndirilməsi təşəbbüsü”nün (GDDEI) həyata keçirilməsinin gedişatına toxunulub” – Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.