Müdafiə naziri NATO-nun Əlaqələndirici Ofisinin rəhbəri ilə tanışlıq xarakterli görüş keçirib
Müdafiə naziri NATO-nun Əlaqələndirici Ofisinin rəhbəri ilə tanışlıq xarakterli görüş keçirib

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze NATO-nun Əlaqələndirici Ofisinin yeni rəhbərini qəbul edib. Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, Cuanşer Burchuladze Aleksandre Vinikovu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Görüşdə tərəflər NATO-Gürcüstan münasibətlərini, ölkə qarşısında duran çağırışları və təhdidləri, bölgədəki mövcud təhlükəsizlik mühitini və Ukraynadakı mövcud prosesləri müzakirə ediblər. Bu fonda tərəflər müdafiə sahəsində NATO-Gürcüstan əməkdaşlığının dərinləşdirilməsinin, NATO-nun Qara dəniz regionunda rolunun gücləndirilməsinin və Gürcüstan Müdafiə Qüvvələrinin modernləşdirilməsinin vacibliyini vurğulayıblar.

Cuanşer Burchuladzenin sözlərinə görə, Gürcüstan Müdafiə Nazirliyi NATO-Gürcüstan əməkdaşlığının mövcud mexanizm və formatlarını həyata keçirməyə davam edir ki, bu da ölkənin müdafiə qabiliyyətini gücləndirməyə və NATO ilə uyğunluğunun artmasına kömək edəcək. Görüşdə Gürcüstanın NATO-nun aspirant ölkəsi olaraq ittifaq qarşısında götürdüyü beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirdiyi qeyd olunub. Aleksandre Vinikov 2022-ci ildə NATO-nun Gürcüstandakı Əlaqələndirici Ofisinin rəhbəri təyin edilib. O, bu vəzifədə Rozaria Puqlisi əvəz edib.