Moldovanın vitse baş naziri Oleq Serebrian Odzisi kəndində, işğal xətti yaxınlığında olub
Moldovanın vitse baş naziri Oleq Serebrian Odzisi kəndində, işğal xətti yaxınlığında olub

 

Gürcüstana ikigünlük işgüzar səfəri çərçivəsində Moldovanın Reinteqrasiya Məsələləri üzrə vitse-baş naziri Oleq Serebrian Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələri üzrə dövlət naziri Tea Axvlediani ilə birlikdə Odzisi kəndində, işğal xətti yaxınlığında olub.

Moldovanın vitse baş naziri işğal xətti yaxınlığında təhlükəsizlik vəziyyəti ilə tanış olub, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələrindən işğal xətti ilə Sxinvali bölgəsi istiqamətində hərəkət, işğalçı rejimin tətbiq etdiyi məhdudiyyətlər, tikanlı məftillər və digər qanunsuz süni maneələr qurulması, Gürcüstan vətəndaşlarının yaşamaq hüququnun pozulması və qanunsuz saxlanılmalar, eləcə də insan hüquqlarının kobud şəkildə pozulması faktları və insidentlər barədə ətraflı məlumat dinləyib.

Tea Axvlediani beynəlxalq tərəfdaşların işğal olunmuş bölgələrdə və işğal xətti boyunca mövcud vəziyyətlə bağlı məlumatlandırılmasının və birgə səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb ki, bu da münaqişədən zərər çəkmiş əhalinin əsas hüquq və azadlıqlarının, o cümlədən sərbəst hərəkətin və qanunsuz saxlanılmış Gürcüstan vətəndaşlarının qeyd-şərtsiz və dərhal azad edilməsinin təmin edilməsi üçün son dərəcə mühümdür.

Oleq Serebrian, həmçinin dövlət nazirindən ayırıcı xətlərə yaxın yaşayan əhalinin sosial-iqtisadi vəziyyəti, eləcə də onların ehtiyaclarına effektiv şəkildə reaksiya verilməsi üçün fəaliyyət göstərən müvəqqəti hökumət komissiyasının fəaliyyəti və bu çərçivədə Gürcüstanın dövlət qurumları tərəfindən həyata keçirilən infrastruktur, sosial, səhiyyə, təhsil, kənd təsərrüfatı və digər proqramların icrası ilə bağlı məlumat dinləyib.

“Bu gün Moldovanın vitse baş naziri işğal xəttinə yaxın ərazidə təhlükəsizlik vəziyyəti ilə tanış olmaq, eləcə də işğal xətti boyunca salınan qanunsuz maneələr, sərbəst hərəkətə qoyulan qadağalar və Gürcüstanda davam edən işğalın ən ağır nəticələri olan vətəndaşlarımızın qanunsuz saxlanılması barədə məlumat almaq fürsəti əldə edib. Beynəlxalq tərəfdaşların həm ikitərəfli, həm də beynəlxalq çoxtərəfli formatlarda iştirakı və məlumatlılığı bu prosesdə kritik dərəcədə mühüm və vacibdir”- deyə dövlət naziri Tea Axvlediani açıqlayıb.

“Reallığı yerindəcə, işğal xətti yaxınlığında görmək, qarşı tərəfdə rus hərbi bazasını görmək olduqca maraqlı təcrübədir. Bu, bizim region üçün adi haldır, çünki bizim Dnestryanıda da oxşar təcrübə var. Bildiyiniz kimi, rus hərbi qüvvələri 1991-ci ildən qanunsuz olaraq orada yerləşdirilib. Gürcü həmkarımdan Sxinvali regionunda və Abxaziyada insan haqları, məktəblərdə ana dilində təhsil, hər iki bölgədə etnik təmizləmə və bu bölgələri tərk etməyə məcbur qalmış yüz minlərlə gürcünün faciəsi ilə bağlı məlumat almaq olduqca maraqlı idi. Düşünürəm ki, bizi bir çox məsələlər birləşdirir, bu səbəbdən Tbilisi ilə Kişinyov arasında addımlar avropalı həmkarlarımızla daha çox əlaqələndirilməlidir. Bu gün həm də Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasında oldum və onlara Abxaziya və Sxinvali bölgəsinin işğal xətti yaxınlığındakı reallığı ilə bağlı çoxlu suallar verdim. Mən və həmkarlarım üçün bu, həqiqətən də çox informativ və maraqlı, lakin eyni zamanda kədərli təcrübədir”- deyə Oleq Serebrian açıqlayıb.

Məlumatı Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Aparatı yayır.