Milli Turizm Administrasiyası Gürcüstanda olan Ukrayna vətəndaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir

 

İqtisadiyyat Nazirliyinin Milli Turizm Administrasiyası Gürcüstanda olan Ukrayna vətəndaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir. Administrasiya rəhbərinin müavini Tamaz İoraşvili onları mehmanxanada ziyarət edərək, rəmzi hədiyyələr təqdim edib.

Hökumətin qərarına əsasən, Milli Turizm Administrasiyası dövlət maliyyəsi hesabına ukraynalı turistlərin Gürcüstanda müvəqqəti yerləşdirilməsi üçün müvafiq şərait yaradır.

“Dəstəyinizə, gürcü xalqının bizim üçün etdiyi hər şeyə görə sizə təşəkkür etmək istərdik, münasibət heyrətamiz dərəcədə istidir, hamı bizə çox yaxın insan kimi davranır. Hazırda Kiyevdə uşaqlara və ailələrə dinc şəkildə şəhərdən çıxmağa kömək edən həyat yoldaşım diqqətinizə və bu gün də belə bizi unutmadığınıza və Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdiyinizə görə minnətdarlığını bildirir”-deyə Ukrayna vətəndaşı Tatyana Qorodinskaya bildirib.

Gürcüstanda olan daha bir Ukrayna vətəndaşı Asia Petrovskaya təbrikə görə Turizm Administrasiyasına təşəkkür edib.

“Uşaqlarımız və nəvələrimizlə birlikdə Qudauriyə xizək sürməyə gəlmişdik. 25-də Odessaya qayıtmalı idik, bildiyiniz kimi, 24-də Ukraynada müharibə başladı, bunu eşitmək dəhşətverici idi. Reysimiz təxirə salındı və bir neçə gün Qədim Tbilisidə yaşadıq və sonra öyrəndik ki, bizim vəziyyətimizə düşən turistləri Turizm Administrasiyası mehmanxana ilə təmin edir. Bilmirik necə təşəkkür edək, gündə üç dəfə qida ilə təmin olunuruq. Bütün Gürcüstan bizə maksimal şəkildə dəstək olur, bu gün də belə bizə bayram təşkil etmisiniz. Belə səmimi təbrikə görə minnətdarıq”-deyə Ukrayna vətəndaşı Asia Petrovskaya bildirib.

Fevralın 1-dən fevralın 23-ü də daxil olmaqla Gürcüstan ərazisinə daxil olmuş Ukrayna vətəndaşı dövlət tərəfindən pulsuz yaşayış yeri, ərzaq və ilkin tələbat malları ilə təmin olunur. Vahid Hökumət Qaynar Xətti 144-3 fəaliyyətə başlayıb.

Məlumatı Milli Turizm Administrasiyası yayır.