Məhkəmə Qiorqi Baçiaşvili barəsində 2 500 000 lari məbləğində girov tətbiq edib
Məhkəmə Qiorqi Baçiaşvili barəsində 2 500 000 lari məbləğində girov tətbiq edib

Məhkəmə külli miqdarda kriptovalyutanı qanunsuz mənimsəməkdə və qeyri-qanuni gəlirləri leqallaşdırmaqda ittiham olunan Ortaq Sərmayə Fondunun keçmiş rəhbəri Qiorqi Baçiaşviliyə 2 milyon 500 min lari məbləğində girov təyin etdi. Hakim Tamar Mçedlişvili girov pulunun yatırılması üçün 30 gün müddət təyin edib.

Hakim prokurorluğun vəsatətini dəyişikliklə təmin edib. Prokurorluq girov olaraq üç milyon lari tələb edirdi.

Bundan başqa, bu cinayət işi üzrə yekun qərar çıxarılana qədər təqsirləndirilən Qiorqi Baçiaşvilinin ittihamçı tərəfin əvvəlcədən razılığı olmadan dövlət sərhədini keçməsi qadağan edilib. Həmçinin, Baçiaşviliyə Gürcüstan və Rusiya pasportlarını istintaq orqanına təhvil vermək tapşırılıb.

Məhkəmədə təqsirləndirilən şəxsin özü də iştirak edib. Baçiaşvilinin məhkəmə iclasında dediyi kimi, o, özünü təqsirli hesab etmir.

İş üzrə ilkin məhkəmə iclası avqustun 31-i saat 13:00-a təyin edilib.

Gürcüstanın Baş Prokurorluğu Ortaq Sərmayə Fondunun keçmiş rəhbəri Qiorqi Baçiaşviliyə qarşı külli miqdarda kriptovalyutanın qanunsuz mənimsənilməsi və qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət təqibinə başlayıb.