Mayk Conson İsrailə yardım haqqında qanun layihəsini cari həftə Nümayəndələr Palatasına təqdim edəcəklərini bildirib
Mayk Conson İsrailə yardım haqqında qanun layihəsini cari həftə Nümayəndələr Palatasına təqdim edəcəklərini bildirib

 
ABŞ-ın Nümayəndələr Palatasının spikeri Mayk Conson İsrailə yardım haqqında ayrıca qanun layihəsini cari həftə Nümayəndələr Palatasına təqdim edəcəklərini bildirib.

“Cari həftə biz Nümayəndələr Palatasına İsrail üçün ayrıca maliyyə ayrılması haqqında qanun layihəsi təqdim etmək niyyətindəyik. Bilirəm ki, həmkarlarımızın, Senatdakı respublikaçı həmkarların da oxşar qanun layihəsi var. İnanırıq ki, bu, təcili ehtiyacdır. Dünyada öhdəsindən gəlməli olduğumuz çoxlu şeylər baş verir, lakin hazırda diqqət yetirilməsi lazım olan şey İsraildə baş verənlərdir. Fikrimcə, biz belə hərəkət etməliyik, onların köməyini ayırmalıyıq”- deyə Conson açıqlayıb.

“Amerikanın Səsi”nin yazdığı kimi, ABŞ Nümayəndələr Palatasının yeni seçilmiş spikeri Mayk Conson Konqresin Ukrayna və İsrailə yardım məsələlərini ayrıca müzakirə etməsini, həmçinin Ağ Evdən Ukraynaya yardım haqqında daha çox hesabat tələb etməsini dəstəkləyib. Bununla yanaşı, Conson ABŞ-ın Ukraynaya yardımla bağlı siyasətinə sadiqliyini ifadə edib.

“Biz Vladimir Putinin qalib gəlməsinə imkan verə bilmərik, çünki onun orada dayanacağını düşünmürəm və bu, Çini Tayvanı işğal etməyə təşviq edəcək”-deyə Conson bildirib.