Martın 3-də günün ikinci yarısından etibarən Gürcüstanda hava şəraiti pisləşəcək
Ətraf Mühit üzrə Milli Agentliyin məlumatına görə, martın 3-ü günün ikinci yarısından martın 6-dək Gürcüstanda soyuq və rütubətli hava kütlələrinin yayılacağı gözlənilir.
Sinoptiklər havanın temperaturunun xeyli aşağı düşəcəyini, yağıntıların bəzi yerlərdə güclü olacağını, dağlıq rayonlarda qar fırtınası, duman, dənizdə 4-5 bal fırtına olacağını proqnozlaşdırırlar. Vaxtaşırı güclü külək əsəcək.
“Gözlənilən güclü yağıntı Gürcüstanın qərbindəki çaylarda suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra, dağlıq ərazilərdə uçqunların və sürüşmələrin yaranmasına səbəb ola bilər”, -deyə Ətraf Mühit üzrə Milli Agentlikdən bildirilib.