Lloyd Ostin müttəfiqlərin Ukraynaya əlavə hərbi texnika tədarük edəcəyini bildirir
Lloyd Ostin müttəfiqlərin Ukraynaya əlavə hərbi texnika tədarük edəcəyini bildirir

 

ABŞ-ın müdafiə katibi, Lloyd Ostin müttəfiqlər tərəfindən Ukraynaya əlavə hərbi texnikanın tədarükü barədə danışıb. Lloyd Ostin bu barədə Almaniyadakı Ramştain hərbi bazasında, NATO və Aİ üzvü olan 40 ölkənin müdafiə nazirlərinin görüşündən sonra bildirib.

“Bütün dünyadan ölkələr Ukraynanın təcili ehtiyaclarını qarşılamaq üçün aktivlik edirlər. Bu gün Almaniyanın Ukraynaya 50 ədəd “Cheetah” hava hücumundan müdafiə sistemi göndərəcəyini açıqlayan alman ev sahibimiz, nazir Lambrextə xüsusilə təşəkkür etmək istərdim ; Britaniya hökuməti dünən Ukraynaya əlavə hava hücumundan müdafiə avadanlığı göndərəcəyini açıqladı; Kanada bu gün Ukraynaya səkkiz zirehli avtomobil göndərəcəyini açıqladı” – deyə Ostin bildirib.

Müdafiə katibinin sözlərinə görə, qarşıdakı həftələr Ukrayna üçün həlledici olacaq, buna görə də müttəfiqlər Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin sürətində hərəkət etməlidirlər. Müdafiə katibi bu gün keçirilən foruma bənzər forumların hər ay olacağını bildirib.

“Tərəqqini davam etdirmək üçün biz bu forumu genişləndirməyi planlaşdırırıq. Nəzərinizə çatdırmaq istərdim ki, Ukraynanın müdafiəsinin gücləndirilməsi ilə bağlı hər ay görüşlər keçiriləcək. Səyləri gücləndirmək, yardımı koordinasiya etmək üçün, cari döyüşlərə və gözlənilən toqquşmalara diqqəti yönəltmək üçün xoşməramlılıq ifadə edən ölkələrin daxil edilməsi üçün təmas qrupu yaradılacaq. Aylıq görüşlər həm şəxsi, həm virtual, həm də qarışıq olacaq” – deyə ABŞ müdafiə katibi bildirib.

Bununla yanaşı, müdafiə katibinin sözlərinə görə, gələcək təmas qruplarında Ukraynanın müdafiəsini gücləndirmək üçün uzunmüddətli yardımın göstərilməsi məsələləri müzakirə olunacaq. O, diqqətin xüsusi ehtiyac duyulan döyüş sursatları və silahların tədarükünə yönəldiləcəyini bildirir.