Kveşeti-Kobi yolunda 1,5 kilometrlik yeni tunel salınıb
Kveşeti-Kobi yolunda 1,5 kilometrlik yeni tunel salınıb

 
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin yaydığı məlumata əsasən, Kveşeti-Kobinin 23 km uzunluğunda yolunun və tunellərin tikintisi aktiv şəkildə davam etdirilir. Layihə iki hissəyə bölünüb, layihə çərçivəsində ikizolaqlı asfalt-beton yol, beş körpü, beş tunel salınır və bir körpünün yenidən qurulması işləri aparılır.

Qurumdan verilmiş məlumatda qeyd edildiyi üzrə, hazırda layihənin 2-ci hissəsində dörd tuneldən ən uzunu – 1,5 km uzunluğunda olanı artıq salınıb, 3-cü tunel də salınıb, qalan hissədə isə işlər aktiv şəkildə davam etdirilir. Beş körpünün hamısında işlər davam etdirilir, dayaqlar və xovların qurulması prosesi gedir.

“Layihənin birinci hissəsində uzunluğu 9 km, diametri 15 m olan tunelin 8 km-dən artıq hissəsi artıq salınıb. Tunel qazma işləri layihə üçün xüsusi olaraq hazırlanmış tunel qazma qurğusu (TBM – Tunnel Boring Machine) tərəfindən həyata keçirilir , bu da ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azaldır. Bu mərhələdə işlərin təxminən 90%-i görülüb. Uzunluğu 9 km olan yeni tunel Gürcüstanda ən uzun, dünyada isə unikal tunel olacaq.

Kveşeti-Kobi yolu layihəsi çərçivəsində Qudauriyə 5 km-lik gediş yolunun və turizm mərkəzinin tikintisi də nəzərdə tutulub.

Yeni yolun tikintisi başa çatdıqdan sonra qışda Kobi istiqamətində nəqliyyatın hərəkəti artıq məhdudlaşdırılmayacaq, Xada vadisində 10-a qədər kəndin əhalisi qışda xarici aləmlə əlaqəni qoruyub saxlayacaq və bütün zəruri xidmətlərə maneəsiz çıxış əldə edəcək. Yeni yolda hərəkət təhlükəsiz və rahat olacaq.

Yeni yol təhlükəsizlik standartlarını yaxşılaşdırmaqla yanaşı, səyahət vaxtını da azaldacaq. Əgər hazırda Kveşetidən Kobiyə səyahət etmək üçün bir saata qədər vaxt lazımdırsa və qar uçqunu təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti tez-tez qadağan edilirsə, layihə başa çatdıqdan sonra həmin hissəni keçmək cəmi 15 dəqiqə çəkəcək. Tbilisi-Qudauriyə səyahət vaxtı iki saat əvəzinə bir saat 30 dəqiqə olacaq. Tbilisi-Stepantsminda istiqamətində səyahət isə iki saat 30 dəqiqə əvəzinə bir saat 45 dəqiqə çəkəcək.

Kveşeti-Kobi yolu layihəsi Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir və ümumi dəyəri 1,2 milyard lari təşkil edir. Layihənin 2024-cü ilə başa çatdırılması planlaşdırılır”- deyə Avtomobil Yolları İdarəsinin məlumatında bildirilir.