KİV- Rusiyanın Kursk və Bryansk vilayətlərinə pilotsuz uçuş aparatlarının hücumu həyata keçirilib
KİV- Rusiyanın Kursk və Bryansk vilayətlərinə pilotsuz uçuş aparatlarının hücumu həyata keçirilib

 
Rusiyada Kursk vilayəti və daha bir bölgə pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Bu barədə “BBC”nin rusdilli xidməti Kursk və Bryansk vilayətlərinin qubernatorlarına istinadən yazır.

Rusiya Müdafiə Nazirliyi hadisənin təfərrüatlarını açıqlamır.

“Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı Kursk vilayətinin hava məkanında HHMS vasitəsilə zərərsizləşdirilib, Bryansk vilayətində daha iki pilotsuz uçuş aparatı məhv edilib” -deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz pilotsuz təyyarələrin zərərsizləşdirildiyini və heç kimin xəsarət almadığını bildirib. Kurskun qubernatoru Roman Staravi isə bildirir ki, Ukraynaya məxsus pilotsuz təyyarələrdən biri Kursk şəhərinin mərkəzinə, digəri isə şəhərin kənarına düşüb. Nəticədə bir neçə çoxmərtəbəli evin şüşələri sınıb, bir neçə fərdi yaşayış evinə və inzibati binanın dam örtüyünə ziyan dəyib. Konkret olaraq söhbətin hansı inzibati binadan getməsi ilə bağlı qubernator heç nə demir.

Məlumat üçün bildirək ki, ötən gün də Kursk pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Nəticədə inzibati binaya da ziyan dəyib. Ukraynada məsələnin Federal Təhlükəsizlik Xidmətinə məxsus binadan getdiyini deyirlər. Onların dediyinə görə, hücumun hədəfi həm də aerodrom yaxınlığında yerləşən neft emalı zavodu olub. Tuli vilayətinin səlahiyyətliləri də dünən pilotsuz təyyarənin hücumunu dəf etdikləri barədə məlumat veriblər. Gecə saatlarında Moskva hava limanlarında yenidən uçuşlara məhdudiyyətlər tətbiq edilib. Səhər saatlarında isə Rusiya Müdafiə Nazirliyi Krım yarımadası yaxınlığında vurulan 4 pilotsuz uçuş aparatı ilə bağlı məlumat yayıb.