Kaxetidə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam edir
Kaxetidə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam edir

 
Kaxetidə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri səhər saatlarında yenidən bərpa edilib. Əraziyə müvafiq xidmətlər səfərbər olunub, infrastrukturun təmizlənməsi işləri aparılır.

Həmçinin, əlverişsiz hava şəraiti ilə əlaqədar elektrik enerjisi kəsilən 50 min abunəçidən 42 min abunəçi elektrik enerjisi ilə təmin olunub.

“Bu il heç bir sakinin Yeni ili açıq havada qarşılamaması hakimiyyətin vəzifəsidir. Küləyin dam örtüyünü tamamilə uçurduğu evlərin müəyyən edilərək hesablanması davam etdirilir və vaxtında köməklik göstəriləcək. Vəsaitlərin səfərbər olunmasına gəlincə, dəymiş ziyanın miqyası hesablananda və bunu bildiyimiz zaman müvafiq qərar veriləcək – munisipalitetin vəsaiti ilə bərpa işləri aparılacaq və ya mərkəzi büdcə bizə kömək edəcək”- deyə Kaxetinin qubernatoru Qiorqi Aladaşvili açıqlayıb.

Xatırladaq ki, dünən Kaxeti bölgəsində güclü külək üç yüzə yaxın evin və müxtəlif tikililərin dam örtüyünü uçurub, avtomobillərə ziyan vurub, çoxillik bitkiləri kökündən çıxarıb, elektrik dirəklərini sındırıb, naqilləri qırıb. Telavi Munisipalitetində külək 3 saylı məktəbin və Vardisubani Mədəniyyət Evinin damına zərər vurub, Telavi Universitetinin iki korpusunun dam örtüyü yoxdur. Meriyada dəymiş ziyanı hesablayan müvafiq komissiya yaradılıb.