Kaxa Kaladze - Müxalifətə 1500 məntəqənin səslərinin yenidən hesablanmasını təklif etdik, ancaq onların tək məqsədi desktruksiyadı
Biz müxalifətə onlar tərəfindən sual işarəsi altında olan 1500 seçki məntəqəsinin səslərinin yenidən hesablanmasını təklif etdik, – bu bəyanatı “Gürcü Arzusunun” baş katibi Kaxa Kaladze ABŞ səfirinin rezidensiyasında müxalifətlə aparılan danışıqlarla bağlı verdi.
Onun dediyinə görə, müxalifətin məqsədinin destruksiya olduğu ortaya çıxdı.
Kaladze qeyd etdi ki, müxalifət nümayəndələri seçkilərin ikinci turunda iştirak etməyi düşünmürlər, çünki majoritar seçkilərdəki nəticələrini bilirlər.
“Danışıqlar mövzusunun qapalı olacağı ilə bağlı razılaşmaya baxmayaraq, müxalifət liderləri çıxdılar və faktiki olaraq, “Gürcü Arzusunun” onlara etdiyi təkliflər barədə danışdılar. Əlbəttə ki, biz onların sual işarəsi altına qoyduqları 1500 seçki məntəqəsinin səslərinin yenidən hesablanmasını təklif etdik.
Məsələ çox asandır. Hamımız buradayıq, gedək onların söz etdiyi seçki məntəqələrinin səslərini yenidən hesablayaq.
Görünür ki, bunların tək məqsədi destruksiyadır. Yenə də ümid edirəm ki, onlar dialoqa davam edəcklər və ölkə üçün zəruri olan razılaşmaya nail olunacaq.
İkinci turda müxalifət iştirak etmək istəmir, çünki bütün majoritar məntəqələrində məğlub olacaqlarını bilirlər. Bunu bildikləri üçün nə pul xərcləmək istəyirlər, nə də biyabır olmaq” – dedi Kaxa Kaladze.