İsveçrədə keçirilən beynəlxalq konfransda Ukraynanın bərpası ilə əlaqədar prinsiplər işlənib hazırlanıb
İsveçrədə keçirilən beynəlxalq konfransda Ukraynanın bərpası ilə əlaqədar prinsiplər işlənib hazırlanıb

 

İsveçrənin Luqano şəhərində keçirilən beynəlxalq konfransda Ukraynanın uzunmüddətli bərpası ilə əlaqədar prinsiplər işlənib hazırlanıb.

Məlumatı “CNN” yayır.

Prinsiplər 40-dan çox ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi iki günlük konfransdan sonra qəbul edilib.

“Luqano Bəyannaməsi” adlandırılan sənəd müharibə hələ də davam edərkən Ukraynaya müharibədən sonrakı dövrə hazırlaşmağa kömək etmək üçün uzunmüddətli iqtisadi və texnoloji yardımı nəzərdə tutur.

“Burada, Luqanoda Ukraynanın beynəlxalq səviyyədə bərpası prosesinə başladıq və bərpa prinsiplərini formalaşdırdıq” – deyə İsveçrə prezidenti İqnatsio Kasis bildirib.

Onun sözlərinə görə, bu prinsiplər bərpanı islahatlarla əlaqələndirir və şəffaflıq, tərəfdaşlıq və bərabərliyə köklənmiş olacaq.

“Bu, Ukrayna xalqına tək olmadıqlarını bilmələri üçün ümid və inam verməlidir, çünki Ukraynanın davamlı bərpası dirçəlişi, sabitliyi və onun gələcəyinə müvafiq şəkildə institutların canlanmasını tələb edir” – deyə Kasis qeyd edib.

Ötən gün Ukraynanın baş naziri ölkənin yenidən qurulması üçün 750 milyard dollara ehtiyac olacağını açıqlayıb və bildirib ki, əsas mənbə xaricdə müsadirə edilmiş rus aktivləri olmalıdır.