İsrailin baş naziri - sözlər və diplomatiya İranın nüvə silahı əldə etməsinə mane ola bilməz
Sözlər və diplomatiya İranın nüvə silahı əldə etməsinə mane ola bilməz-bu barədə İsrailin baş naziri İar Lapid ABŞ prezidenti Co Baydenlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
İsrailin hökumət başçısının sözlərinə görə, İranı dayandıracaq yeganə şey, nüvə proqramını inkişaf etdirməyə davam edəcəyi təqdirdə, azad dünyanın güc tətbiq edəcəyini bilməsidir.
“Bu, blef yox, real olmalıdır. İran rejimi bilməlidir ki, dünyanı aldatmağa davam edərsə, bunun üçün çox ağır bədəl ödəyəcək. Bu gün burada dayanmağım öz-özünə baş verməyib. Cənab prezident, dərsimizi almışıq. İsrail hər zaman güclü, azad və təhlükəsiz olmalı, vətəndaşlarımızı qoruya biləcək güclü orduya malik olmalıdır” – deyə Lapid bildirib.
İar Lapid ABŞ-ın İsrailə dostluğu və sadiqliyinə görə Baydenə təşəkkür edib və iki ölkə arasındakı münasibətləri “İsrailin milli təhlükəsizliyinin təməl daşlarından biri” adlandırıb.
Öz növbəsində, ABŞ prezidenti Co Bayden İranla bağlı İsrailin baş naziri ilə açıq şəkildə razılaşmayıb və İranla mübarizənin ən yaxşı yolunun diplomatiya olduğunu qeyd edib. Fələstin məsələsi ilə əlaqədar Co Bayden İar Lapidə Vaşinqtonun İsrailin yeni yaşayış məskənləri tikməklə bağlı açıqlamalarına təəccüblənmək istəmədiyini bildirib.
“ABŞ-ın İsrailin təhlükəsizliyinə dair güclü öhdəlikləri var. İsrailin özünü müdafiə edə biləcəyini təmin edəcəyik” – deyə Bayden bildirib.