İşğal altındakı Abxaziyanın qondarma parlamentinin erməni əsilli üzvləri Nikol Paşinyanı Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə tənqid edirlər
İşğal altındakı Abxaziyanın qondarma parlamentinin erməni əsilli üzvləri Nikol Paşinyanı Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə tənqid edirlər.
Marionet rejimin qondarma parlamentinin erməni əsilli deputatları Aşot Minosyan, Qalust Trapizonyan, Erik Rştuni, Levon Qalustyan bəyanat yayıblar və bəyanatda Ermənistanın Baş nazirinin bəyanatının Abxaziyaya qarşı demarş olduğu qeyd olunub.
“Cənab Paşinyana xatırladırıq ki, müstəqil Apsnidə 42 min erməni əsilli vətəndaş yaşayır və sakinlər ana dilimizi öyrənmək, adət və ənənələrimizi qoruyub saxlamaq üçün hər cür şərait yaradıblar. Biz fəxrlə Abxaziyanı vətənimiz adlandırırıq. Artıq 30 ildir ki, çoxmillətli xalqımız öz dövlətini qurur və Paşinyandan fərqli olaraq, Abxaziyada xalqın seçimini şübhə altına alacaq siyasətçilər yoxdur”- deyə bəyanatda bildirilir.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam və birmənalı şəkildə dəstəklədiyini açıqlayıb.