İrakli Kobaxidze - Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsini, Rusiyanın hərbi təcavüzünün pislənilməsini nəzərdə tutan 600-dən çox müxtəlif növ aktı dəstəkləmişik
Müxtəlif formatlarda Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsini, Rusiyanın hərbi təcavüzünün pislənilməsini nəzərdə tutan 600-dən çox qərarı, müxtəlif növ aktları, qətnamələri dəstəkləmişik. Bundan irəli gələrək, siyasi mövqeyimiz olduqca möhkəm və aydındır -bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze gürcü jurnalistlərə Ukraynanın bərpası ilə bağlı konfransda iştirak etdiyi Berlində açıqlayıb.
Hökumət başçısı, Ukraynaya humanitar yardımın həcminin olduqca geniş olduğunu bildirib.
“Burada, o cümlədən Gürcüstandan Ukraynaya göndərilən humanitar yardım, eləcə də Gürcüstanın Ukraynadan olan təxminən 26 000 qaçqını qəbul etməsi və onların müxtəlif nöqteyi-nəzərdən pulsuz xidmətlə təmin edilməsi nəzərdə tutulur. Xüsusilə, təbii ki, biz ukraynalı uşaqların qayğısına qalırıq. Onlar Gürcüstanda, o cümlədən Ukrayna dilində pulsuz təhsil alırlar. Bu, bizim məsuliyyətimizdir, Ukrayna xalqı qarşısında borcumuzdur. Ukrayna xalqına maksimal şəkildə dəstək göstərmək bizim borcumuzdur və bugünkü konfransda iştirakımız bunun daha bir təcəssümüdür”- deyə İrakli Kobaxidze bildirib.