İrakli Kobaxidze Rəcəb Tayyib Ərdoğanla görüşüb
İrakli Kobaxidze Rəcəb Tayyib Ərdoğanla görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumatda, təkbətək görüş zamanı Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın əhəmiyyətinin vurğulandığı və müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı hazırlığın ifadə edildiyi deyilir.

“Regional, ticarət-iqtisadi və nəqliyyat-energetika sahəsində əməkdaşlığının inkişafına və tranzit funksiyasına, əlaqələndiriciliyin əhəmiyyətinə xüsusi diqqət yetirilib. Görüşdə Türkiyə Respublikasının Gürcüstan üçün bir nömrəli ticarət tərəfdaşı olduğu vurğulanıb. Tərəflər ikitərəfli ticarətin daha da inkişaf etdirilməsi potensialını müzakirə ediblər. Təhsil, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığa diqqət ayrılıb.

Tərəflər həmçinin Yaxın Şərqdəki cari prosesləri müzakirə ediblər. Qeyd edilib ki, Gürcüstan Yaxın Şərqdə sülhün bərqərar olmasının zəruriliyi ideyasını dəstəkləyir, bu da beynəlxalq ictimaiyyətin dəstəyi ilə danışıqlar vasitəsilə əldə edilə bilər. Bölgədə sülhün və sabitliyin xüsusi əhəmiyyəti vurğulanıb. Baş nazir Gürcüstanın Cənubi Qafqazda dinc yanaşı yaşama formulunu dəstəklədiyini, bölgədə sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə hər zaman hazır olduğunu qeyd edib.

Türkiyə Respublikasının Prezidenti Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də ölkənin Avro-Atlantik inteqrasiya prosesinə dəstəyini təsdiqləyib. Təkbətək görüşdən sonra danışıqlar iki ölkənin hökumət üzvlərinin iştirak etdiyi geniş tərkibdə davam etdirilib” – deyə rəsmi məlumatda qeyd olunub.