İrakli Kobaxidze dünya liderləri ilə birlikdə Berlində Ukraynanın bərpası ilə bağlı konfransda iştirak edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə iyunun 11-12-də Berlində keçiriləcək Ukraynanın bərpası ilə bağlı konfransda (URC2024) iştirak edəcək.
Hökumət Administrasiyasının Mətbuat Xidmətinin məlumatında, tədbirin əsas məqsədinin Ukraynanın bərpası, yenidən qurulması, islahatlar və modernləşdirilməsi üçün beynəlxalq dəstəyi səfərbər etmək olduğu deyilir.
“URC2024 dörd tematik sahəyə diqqəti yönəldəcək: bərpa və iqtisadi artım üçün özəl sektorun səfərbər edilməsi; Ukraynanın gələcəyi üçün sosial bərpa və insan kapitalı; munisipalitet və bölgələrin bərpası; Avropa İttifaqına üzvlük və bununla əlaqəli islahatlar.
Konfrans çərçivəsində həmçinin makroiqtisadi sabitlik, dayanıqlıq və təhlükəsizlik, infrastruktur, yaşayış, energetika, ətraf mühitin mühafizəsi, səhiyyə, təhsil və s. müzakirə ediləcək.
Avropa İttifaqına üzv dövlətin ilk dəfə ev sahibliyi edəcəyi yüksək səviyyəli siyasi tədbirdə dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların və maliyyə institutlarının, biznes və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Hökumət başçısı xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin daxil olduğu nümayəndə heyəti ilə birlikdə Berlinə yola düşüb.