İrakli Ğaribaşvili idxalçıları Türkiyədən vaxtında dərman idxal etməyə çağırır
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, söz verildiyi kimi, Türkiyə bazarı açılıb və onun idxalçıların ölkəyə vaxtında keyfiyyətli və ucuz dərmanlar gətirəcəyinə dair gözləntisi var.
“Əhaliyə bir daha xatırlatmaq istəyirəm ki, söz verdiyimiz kimi Türkiyə bazarını açmışıq. Biz indi idxalçıların keyfiyyətli və ucuz dərmanları vaxtında ölkəyə daxil edəcəklərini gözləyirik. Bu prosesi müşahidə edirik. Nazir Azaraşvili aktiv şəkildə prosesə qoşulub. Bir daha idxalçıları dərman vasitələrini vaxtında idxal etməyə çağırmaq istəyirəm, bu proqnozlarımıza görə dərmanların qiymətlərini tezliklə aşağı salacaq” – deyə İrakli Ğaribaşvili bildirib.
Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili yanvarın 17-də hökumətin müvafiq fərmanının imzalandığını və Türkiyə bazarının açıldığını elan etmişdi. Onun sözlərinə görə, Gürcüstana Türkiyədən yüksək keyfiyyətli, GMP standartına uyğun dərmanlar daxil ediləcək. Baş nazirin sözlərinə görə, qiymətlər arasında fərq əhəmiyyətli dərəcədə böyükdür.