İrakli Ğaribaşvili Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb
İrakli Ğaribaşvili Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla görüşüb. Hökumət Administrasiyasının mətbuat xidmətindən verilən məlumatda tərəflərin iki ölkə arasında strateji tərəfdaşlığı və gələcək əməkdaşlığın gündəliyini müzakirə etdikləri deyilir.

“Azərbaycan prezidenti İlham Əliyevin bu ilin oktyabrında Gürcüstana səfərinə diqqət yetirilib. Hökumət başçısı bu səfərin ölkələr arasında mehriban qonşuluq və dostluq münasibətlərini və ticarət-iqtisadi istiqamətlər də daxil olmaqla mövcud böyük potensialı bir daha vurğuladığını bildirib.

Xalqların rifahı və regionun inkişafı üçün sülhün və sabitliyin təmin edilməsinin vacibliyinə toxunulub. Baş nazir Gürcüstanın gələcəkdə də iki qonşu ölkə arasında dialoqu bütün mümkün yollarla təşviq etməyə hazır olduğunu bir daha qeyd edib.

İrakli Ğaribaşvilinin təşəbbüsü ilə irəli sürülən və Cənubi Qafqaz dövlətləri ilə yanaşı, beynəlxalq tərəfdaşların da iştirak etdiyi “Cənubi Qafqazda Qonşuluq Sülh Təşəbbüsü”nə diqqət yetirilib.

Hökumət başçısı ölkənin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi qəti dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Tərəflər sektoral idarələr arasında əməkdaşlıq və regional əhəmiyyətli infrastruktur layihələrini nəzərdən keçiriblər.

2022-ci ilin yubiley tarixi olduğu bildirilib, çünki Gürcüstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.

Hökumət Administrasiyasında keçirilən görüşdə qonaq ölkə tərəfdən Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və tibb idarəsinin rəhbərinin müavini Elxan İbrahimov, Gürcüstan tərəfdən isə müdafiə naziri Cuanşer Burchuladze iştirak edib”-bu barədə Hökumət Administrasiyasının yaydığı məlumatda qeyd olunur.