İlia Darçiaşvili Toivo Klaarla görüş keçirib
İlia Darçiaşvili Toivo Klaarla görüş keçirib

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran məsələləri üzrə xüsusi nümayəndəsi, Cenevrə Beynəlxalq Danışıqlarının həmsədri Toivo Klaar ilə görüş keçirib.

XİN-dən verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə xarici işlər naziri Aİ-nin xüsusi nümayəndəsinə Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə nizamlanması prosesindəki roluna və onun şəxsi töhfəsinə görə minnətdarlığını ifadə edib, buradaca həmçinin Aİ-nin münaqişənin sülh yolu ilə həllində, eləcə də regionda sülh və sabitliyin təşviqində fəal iştirakının vacibliyini vurğulayıb.

Qurumdan bildiriblər ki, görüşdə Cenevrə Beynəlxalq Danışıqlarının əhəmiyyətinə və Rusiya tərəfindən götürülmüş beynəlxalq öhdəliklərin, o cümlədən 2008-ci ilin 12 avqust tarixli atəşkəs razılaşmasının yerinə yetirilməsinin zərurətinə xüsusi diqqət ayrılıb.

“Həmçinin, görüşdə Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə nizamlanması və həlli üzrə dövlət strategiyasının hazırlanması məqsədini daşıyan vahid milli, inklüziv proses istiqamətində siyasətinə və səylərinə toxunulub. Öz növbəsində Aİ-nin xüsusi nümayəndəsi münaqişənin sülh yolu ilə həlli, bölgədəki təhlükəsizlik və humanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə aktiv iştirakını davam etdirəcəyini təsdiqləyib”- deyə yayılmış məlumatda deyilir.