İlia Darçiaşvili Xarkov merinin və Lvov Administrasiyasının rəhbərinin təşəkkür məktubunu alıb
İlia Darçiaşvili Xarkov merinin və Lvov Administrasiyasının rəhbərinin təşəkkür məktubunu alıb

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Xarkov merinin və Lvov Administrasiyasının rəhbərinin təşəkkür məktubunu alıb.

Xarkov şəhərinin meri İqor Terexov və Lvov Administrasiyasının rəhbəri Maksim Kozitski munisipalitetlər adından Xarkov şəhərinə və Lvov şəhərinə verilən generatorlara görə Gürcüstan hökumətinə təşəkkür edirlər.

Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbərinə göndərilən məktubda qeyd olunduğu kimi, Xarkov və Lvov munisipalitetləri Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə göstərilən humanitar yardıma görə minnətdardırlar və bu, onlara mövcud çətinliklərin öhdəsindən gəlməyə əhəmiyyətli dərəcədə kömək edir.

“Gürcüstanın Xarici İşlər Nazirliyinə və şəxsən Sizə, hörmətli nazirə, eləcə də Gürcüstanın Ukraynadakı səfirliyinə və şəxsən Sizə, hörmətli səfirə, Gürcüstan hökuməti tərəfindən Gürcüstanın Baş naziri, cənab İrakli Ğaribaşvilinin fərmanına uyğun olaraq, humanitar yardım şəklində güclü generatorların tədarükünü təmin etmək və bu prosesdə birbaşa iştirak etdiyiniz üçün səmimi minnətdarlığımı və dərin hörmətimi bildirirəm. Hərbi əməliyyatlar şəraitində bu, Xarkov şəhərinin qış dövrünün çağırışlarının öhdəsindən gəlməyə hazır olmasına əhəmiyyətli töhfə verəcək”- deyə İqor Terexovun məktubunda deyilir.

Məktubda həmçinin qeyd olunur ki, generatorlar Xarkov Şəhər Şurasının ən çətin şəraitdə şəhərin fəaliyyətini təmin edən, tibb müəssisələrini, nasos stansiyalarını, su kəmərlərini, su təchizatı obyektlərini və şəhərin buxar qazanlarını elektrik enerjisi ilə təmin edən kritik infrastruktur kommunal müəssisələri arasında bölüşdürülüb.

“Belə çətin zamanda Ukraynaya kömək üçün atılan hər bir addım əvəzsizdir və bizi qələbəyə yaxınlaşdırır . Dəstəyinizə görə sizə ürəkdən təşəkkür edirəm”-deyə İqor Terexovun məktubunda deyilir.

Lvov şəhərinin Dairə Hərbi Administrasiyasının rəhbəri qeyd edir ki, gürcü tərəfinin göndərdiyi generatorlar obyektlərin elektrik enerjisi ilə təmin olunması baxımından vəziyyəti yaxşılaşdırmaqla yanaşı, qış dövrü ilə bağlı problemlərin həllinə də kömək edəcək.

“Biz dərin minnətdarlıq hissi ilə yanaşı, gürcü xalqına səmimi qəlbdən sülh və firavanlıq arzulayırıq. Qoy bu il uğurlu, məhsuldar, müsbət emosiyalar və yeni nailiyyətlərlə dolu olsun”-deyə Maksim Kozitskinin məktubunda deyilir.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.