İlham Əliyev - enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir, Aİ ilə Azərbaycan arasında uzunmüddətli, etibarlı enerji əməkdaşlığı böyük nailiyyətdir
İlham Əliyev - enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir, Aİ ilə Azərbaycan arasında uzunmüddətli, etibarlı enerji əməkdaşlığı böyük nailiyyətdir

 
Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir, Aİ ilə Azərbaycan arasında uzunmüddətli, proqnozlaşdırılan, etibarlı əməkdaşlıq böyük nailiyyətdir-bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen ilə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İlham Əliyevin sözlərinə görə, onların Avropa İttifaqı ilə enerji sahəsində fəal əməkdaşlığı artıq 50 ildir ki, davam edir.

“Bu gün bizim geniş əhatəli və qarşılıqlı maraq doğuran məsələlərə aid çox yaxşı müzakirəmiz baş tutdu. Biz bu gün gündəliyimizdə dayanan bütün məsələləri əhatə etdik. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi oldu. Enerji sahəsində fəal əməkdaşlığımız 50 il əvvələ gedib çıxır. Bizim yaxşı tariximiz, nailiyyətlərimiz var. Azərbaycanın təşəbbüskarı olduğu, Avropa İttifaqı və digər tərəfdaşların dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra, qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Həmçinin, uzunluğu 3500 kilometr olan “Cənub Qaz Dəhlizi” qazımızı Avropa qitəsinə çatdırır.

Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir, Aİ ilə Azərbaycan arasında uzunmüddətli, proqnozlaşdırılan, etibarlı əməkdaşlıq böyük nailiyyətdir. Bu il biz Aİ ilə bir çox sahələri, o cümlədən neft, qaz, bərpa olunan enerji və hidrogen enerjisini əhatə edən enerji dialoquna başladıq. Azərbaycanda bərpa olunan enerjinin böyük potensialı Avropa İttifaqı tərəfindən də dəyərləndirilir. Biz artıq külək və günəş enerjisi ilə bağlı investisiya layihələrinin həyata keçirilməsinə başlamışıq, potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin külək və günəş enerjisi potensialına malik olduğunu demək istərdim.  Bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir və bugünkü memorandum gələcək üçün yol xəritəsidir. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.”- deyə İlham Əliyev bildirib.