İlham Əliyev və Entoni Blinken telefon danışığı zamanı Qarabağdakı mövcud vəziyyəti müzakirə ediblər
İlham Əliyev və Entoni Blinken telefon danışığı zamanı Qarabağdakı mövcud vəziyyəti müzakirə ediblər

 
Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər Qarabağ bölgəsindəki mövcud vəziyyət barədə danışıblar.

“Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.

Dövlət başçısı vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır – deyə Azərbaycan Prezidenti Administrasiyasının yaydığı məlumatda qeyd olunub.

Bundan əlavə, Azərbaycanın dövlət başçısının bəyan etdiyi kimi, silahların yerə qoyulması və tərksilah halında, “antiterror tədbirləri” dayandırılacaq.

Dövlət Departamenti Əliyevlə Blinkenin telefon danışığı ilə bağlı da məlumat yayıb.

“Dövlət katibi Entoni Blinken Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa və vəziyyətin deeskalasiyasına çağırmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb. Dövlət katibi vurğulayıb ki, hərbi yolla həll yoxdur və tərəflər Bakı və Dağlıq Qarabağdakı etnik ermənilər arasındakı fikir ayrılıqlarını həll etmək üçün dialoqu bərpa etməlidirlər. Katib qeyd edib ki, prezident Əliyev hərbi əməliyyatları dayandırmağa, eləcə də Azərbaycan nümayəndələri və Dağlıq Qarabağ xalqı ilə görüşməyə hazır olduğunu bildirib. Eyni zamanda, o, bunun dərhal həyata keçirilməsinin vacibliyini vurğulayıb” – Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.