İki yük gəmisi Qara dənizdən keçən yeni marşrutla Ukrayna limanına gəlib
İki yük gəmisi Qara dənizdən keçən yeni marşrutla Ukrayna limanına gəlib

İki yük gəmisi Qara dənizdən keçən yeni marşrutla Ukrayna limanına gəlib. Yük gəmiləri Çornomorsk limanına daxil olub və dünya bazarlarına çıxarılacaq 20 min ton buğda yüklənəcək. Ukrayna rəsmiləri bildiriblər ki, bu, Rusiya ilə gəmilərin təhlükəsizliyini təmin edən müqavilənin pozulmasından sonra mülki gəmilərin Ukrayna limanına daxil olmasının ilk halıdır. Bundan əvvəl dəhlizdən yalnız Ukraynadan çıxan gəmilər üçün istifadə olunurdu.

Ukraynanın Baş nazirinin müavini Oleksandr Kubrakov bildirib ki, gəmilər Palau dövlətinin bayrağı altında üzür və onların ekipajları Ukrayna, Türkiyə, Azərbaycan və Misir vətəndaşlarından ibarətdir.

Ukrayna Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, gəmilər buğdanı Misir və İsrailə çatdıracaq.

Ukrayna günəbaxan yağı, arpa, qarğıdalı və buğda kimi məhsulların dünyanın ən böyük tədarükçülərindən biridir.