İctimai Yayımçı Beynəlxalq Jest Dili Gününə müxtəlif tədbirlərlə qoşulur

 İctimai Yayımçı, eşitmə əngəllilərin beynəlxalq həftəliyi çərçivəsində Jest Dili Gününə müxtəlif tədbirlərlə qoşulur. Birinci Kanalın hər üç platformasında (TV, radio, onlayn) bütün gün boyunca bu günlə bağlı aktual məlumatlar işıqlandırılacaq.

Beynəlxalq Jest Dili Günü ilə əlaqədar olaraq Gürcüstanın Birinci Kanalı ilə “Windforce” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində “Moambe” xəbərlər buraxılışında hazırlanan reportaj fərqli formatda efirdə yayımlanacaq. Tamaşaçı bu barədə Birinci Kanalın efirindən daha ətraflı məlumat alacaq.

“Fiziki məhdudiyyətli şəxslərin problemi İctimai Yayımçı üçün çox vacibdir, bütün platformalarımız bu istiqamətdəki problemləri əks etdirir və ictimaiyyəti düzgün məlumatlandırmaq, fiziki məhdudiyyətli şəxslərin inteqrasiyasını təşviq etmək üçün çalışır. Bir çox təşkilatla əməkdaşlıq edirik və ortaq layihələr həyata keçiririk, yaşadığımız mühiti hər birimizin qabiliyyətindən və imkanlarından asılı olmayaraq hər kəs üçün eyni dərəcədə əlçatan və faydalı hala gətirməyə çalışırıq, çünki Birinci Kanal hər kəs üçündür “-deyə Birinci Kanalın baş direktoru , Tinatin Berdzenişvili bildirib.

Bu il Gürcüstanda ilk dəfə olaraq Birinci Kanalın efirində  izləyicilər gürcü paraolimpiyaçıların yarışdığı paraolimpiadaya baxmaq imkanı əldə etdilər. Bu, görünməmiş bir hadisə idi və idmanın bu növünün inkişafındakı ən vacib addım idi.

Xatırlatmaq istərdik ki, Gürcüstanın Birinci Kanalı təkcə seçkiqabağı dövrdə deyil, bütün efir mövsümü boyunca xəbər proqramlarına jest dilinə tərcüməni qoşur. Həmçinin, İctimai Yayımçının “Şəxsi Həkim – Mari Malazonia” tibbi proqramı jest dilinə tərcümə olunur.

Birinci Kanal-Teleməktəbin efirində gürcü jest dilinin xüsusi olaraq yaradılmış kursu əlçatandır.

Bundan başqa, Gürcüstanın Birinci Kanalı fiziki məhdudiyyətli şəxslərə dəstək olmaq üçün yeni bir layihə başladıb və bunun çərçivəsində media bələdçi üzərində iş aparılır. Sənəddə fiziki məhdudiyyətli şəxslərin məsələlərinin işıqlandırılması, ünsiyyət və davranış qaydaları əks olunub. Dərslik tədqiqatlara, peşəkar ədəbiyyata və ən yaxşı beynəlxalq təcrübəyə əsaslanacaq. Bələdçinin təqdimatının yaxın vaxtlarda keçirilməsi planlaşdırılır.

İctimai Yayımçının müxtəlif mövzuların işıqlandırılmasının tezliyini hesablayan xüsusi proqramı var, aşağıdakı diaqram, monitorinqin başlanğıcından bu günə qədər fiziki məhdudiyyətli şəxslərlə əlaqədar problemlərin müxtəlif platformalarda işıqlandırılmasının kəmiyyət göstəricisini əks etdirir.