Hökumət Administrasiyası - baş nazir qubernatorlara ehtiyyacların tez bir zamanda görülməsi üçün yerli əhali ilə maksimum kommunikasiya qurmağı tapşırıb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili regionlardakı dövlət nümayəndələri-qubernatorlar ilə görüşüb.
Hökumət Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, işgüzar görüşdə hökumət başçısı qubernatorlarla regionlarda aparılan və nəzərdə tutulan layihələri müzakirə edib, müvafiq işlərin qısa müddətdə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Baş nazir qeyd edib ki, hökumətin əhali üçün prioritet layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməsi vacibdir və bu prosesdə qubernatorların rolu həlledicidir.
Görüş zamanı hər bir bölgəyə əsasən mövcud layihələr, o cümlədən baş nazirin təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən regionlar” proqramı çərçivəsində görülən işlər , ayrı-ayrı munisipalitetlərdə keyfiyyətli su təchizatı və ya daxili yolların tənzimlənməsi kimi ehtiyaclar ətraflı şəkildə müzakirə edilib.
“Mərkəzi və yerli hökumət orqanları arasında maksimum koordinasiyanın vacibliyi vurğulanıb ki, bu da mühüm, prioritet məsələlərin tez və effektiv həllinə kömək edəcək. İrakli Ğaribaşvili qubernatorlara ehtiyyacların tez bir zamanda görülməsi üçün yerli əhali ilə maksimum kommunikasiya qurmağı tapşırıb”-deyə məlumatda deyilir.