Gürcüstanın müdafiə naziri İrakli Çikovani türk həmkarı ilə görüşüb
Baş nazir İrakli Kobaxidzenin rəhbərliyi ilə Gürcüstanın hökumət nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər çərçivəsində görüşlər keçirib. Müdafiə Nazirliyinin yaydığı məlumatda, səfər çərçivəsində İrakli Çikovaninin Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşdüyü deyilir.
İrakli Çikovani Türkiyə tərəfinə siyasi və praktiki dəstəyə görə təşəkkür edib.
“Tərəflər strateji tərəfdaşlığın və yüksək səviyyəli görüşlərin əhəmiyyətini xüsusilə vurğulayıblar. Üçtərəfli və ikitərəfli formatlarda əməkdaşlıq məsələlərinə toxunulub. Nazir bir daha Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin planlaşdırılan görüşünün bu il Gürcüstanda keçirilməsi üçün hazırlığını ifadə edib. Hərbi-təhsil imkanları, maliyyə və maddi-texniki yardım, beynəlxalq təlimlərdə birgə iştirak da daxil olmaqla ikitərəfli əməkdaşlığın geniş spektrinə diqqət yönəldilib. Türkiyənin NATO-Gürcüstan əsas paketinin təşəbbüslərinin həyata keçirilməsində töhfəsi qeyd edilib”- Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.