Gürcüstanın müdafiə naziri azərbaycanlı və türk həmkarları ilə görüşüb
Gürcüstanın müdafiə naziri azərbaycanlı və türk həmkarları ilə görüşüb

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Türkiyədə davam edən Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli müdafiə ministerialında iştirak edib.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatında ikitərəfli görüşlərdən sonra Cuanşer Burchuladzenin Türkiyənin müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə üçtərəfli formatda görüşdüyü deyilir.

“Tərəflər Qara dənizin geniş regionunun təhlükəsizlik mühiti və müasir çağırışlarını, eləcə də Ukraynadakı cari hadisələri müzakirə ediblər. Üçtərəfli ministerialda enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji daşıyıcılarının təchizatı yollarının şaxələndirilməsinin vacibliyinə də diqqət yetirilib.

Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə ministerialında tərəflər müdafiə sahəsində mövcud əməkdaşlıqdan və gələcək planlardan danışıblar. Cuanşer Burchuladze qeyd edib ki, birgə təlimlər, ekspertlər səviyyəsində keçirilən görüşlər üç ölkənin hərbçilərini daha da yaxınlaşdırır və qarşılıqlı uyğunluğu gücləndirir.

Cuanşer Burchuladze qurumun müdafiə sistemində islahatları və inkişafı davam etdirdiyini, döyüş hazırlığının artırılması, institusional mühitin yaxşılaşdırılması və digər əsas istiqamətlər üzrə işlədiyini bildirib.

Görüşün sonunda müdafiə nazirləri üçtərəfli ministerial kommünikesini imzalayıblar. Bu il Kayseri şəhərində Türkiyə tərəfinin ev sahibliyi ilə Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli müdafiə ministerialı keçirilib. Müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatı regionda təhlükəsizlik və sabitliyə xidmət edir” -deyə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.