Gürcüstanın Birinci Kanalı Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə qoşulub

 

Gürcüstanın Birinci Kanalı Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə qoşulub. Bu gün ilə əlaqədar olaraq Gürcüstanın Birinci Kanalının binası ənənəvi qırmızı rəngdə işıqlandırılıb.

Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvilinin qeyd etdiyi kimi, İctimai Yayımçı bir neçə ildir ki, qadın zorakılığına qarşı kampaniyada aktiv şəkildə iştirak edir.

“Qadın zorakılığına qarşı qlobal kampaniyaya bir neçə ildir ki, aktiv şəkildə qoşuluruq. Bu kampaniyanın əhəmiyyətindən danışmağa ehtiyac da yoxdur, çünki qadınlara qarşı zorakılıq problemi bütün dünyada mövcuddur. Bu gün başlayacaq və 16 gün davam edəcək kampaniyaya Gürcüstanın Birinci Kanalı nəyinki efir ayırır, həm də maarifləndirməni artırmaq üçün təşkilatda tədbirlər planlaşdırmışıq. Təşkilat mədəniyyətimizin bu baxımdan çox sağlam olmasına şadam” – deyə Tinatin Berdzenişvili açıqlayıb.

1991-ci ildən dünyada hər il keçirilən 16 günlük kampaniya bu gündən start alıb. Kampaniyaya 187 ölkə və 5000-dən çox təşkilat qoşulur. Onların arasında Gürcüstan da var. Kampaniyanın məqsədi qadınlara qarşı zorakılıq məsələlərinə dair ictimaiyyəti məlumatlandırmaq yolu ilə zorakılığın qarşısının alınmasını təşviq etməkdir.