Gürcüstan Parlamentində xalq müdafiəçisinin 2023-cü il üzrə hesabatını dinləyiblər
Gürcüstan Parlamentində xalq müdafiəçisinin 2023-cü il üzrə hesabatını dinləyiblər

 
Gürcüstan Parlamentinin plenar iclasında xalq müdafiəçisi Levan İoseliani 2023-cü ildə Gürcüstanda insan hüquq və azadlıqlarının müdafiəsinin vəziyyəti haqqında illik hesabatı təqdim edib.

Hesabat 386 səhifədən ibarətdir və insan hüquqlarının müdafiəsinin 30-a qədər istiqamətini əhatə edir.

Levan İoseliani parlamentdə münaqişələrdən zərər çəkən əhalinin hüquqi vəziyyəti, ifadə, məlumat, toplaşma azadlığı və hüquq müdafiəçilərinin hüquqları haqda danışıb. Həmçinin səhiyyə, əmək, sosial təminat, məhdud imkanlı şəxslərin, uşaqların, yaşlıların hüquqları, gender bərabərliyi və s. məsələlər haqda danışıb.

Levan İoseliani konkret olaraq qeyd edib ki, ölkədə media azadlığı və jurnalistlərin fəaliyyəti üçün müvafiq təhlükəsiz mühitin mövcudluğu hələ də çağırış olaraq qalır. O bildirib ki, parlamentdə media təşkilatları və jurnalistlər üçün tətbiq edilən xüsusi qaydalar problemlidir, bu da medianın bir hissəsinin hadisələri işıqlandırmaq imkanını məhdudlaşdırıb.

İoseliani, 2023-cü ildə sərbəst toplaşmaq azadlığı ilə bağlı bir sıra çağırışların dəyişməz olaraq qaldığını, ayrı-ayrı hallarda sərbəst toplaşmaq azadlığından istifadənin daha da çətinləşdiyini bildirib.

Həmçinin, xalq müdafiəçisi hesabatı təqdim edərkən bəyan edib ki, 2023-cü ildə Tamaz Qinturinin qətlə yetirilməsi Davit Başaruli, Qiqa Otxozoria, Arçil Tatunaşvili və İrakli Kvaratsxelianın qətlində bilavasitə iştirak etmiş işğalçı rejimin nümayəndələrinin indiyədək cəzalandırılmaması faktının əks-sədasıdır. O, qətllərə, qanunsuz həbslərə, gürcü dilinin tədrisinə qadağaya, qanunsuz sərhədləşmə və insanların qaçırılmasına görə Rusiyanın məsuliyyət daşıdığını bildirib.

Bununla yanaşı, Levan İoselianinin bəyanatına əsasən, məhkumların şərti azadlığa vaxtından əvvəl buraxılması və cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi mexanizminin təkmilləşdirilməsi lazımdır.

Bununla yanaşı, xalq müdafiəçisi, polis idarələri və şöbələrində daxili və xarici perimetrdə yerləşdirilən kameraların sayının ildən-ilə azaldığını bildirib. Onun sözlərinə əsasən, Daxili İşlər Nazirliyinin nümayəndələri üçün yan kameralardan istifadə öhdəliyinin olmaması, audio və video çəkilişlərin aparılması problem olaraq qalır.

Levan İoseliani əmək hüquqlarından danışarkən qeyd edib ki, özəl sektorda çalışanlara hamiləlik, doğuş və uşağa qulluq məzuniyyətinə görə tam maaş vermək lazımdır.