Gürcüstan Müdafiə Qüvvələrinin rəhbəri NATO-Gürcüstan Komissiyası formatında hərbi rəhbərlərin görüşündə iştirak edəcək

 

Gürcüstan Müdafiə Qüvvələrinin rəhbəri NATO-nun Baş Qərargahında NATO Hərbi Komitəsinin iclaslarının keçirildiyi Brüsseldə rəsmi səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, general-mayor Qiorqi Matiaşvili bu gün NATO-Gürcüstan Komissiyası formatında hərbi rəhbərlərin iclasında iştirak edəcək və NATO-Gürcüstan hərbi əməkdaşlığının prioritetlərini və müdafiə sahəsində davam edən islahatları Hərbi Komitə sədri Admiral Rob Bauer ilə müzakirə edəcək.

Səfər çərçivəsində general-mayor Qiorqi Matiaşvili xarici həmkarları ilə ikitərəfli görüşlər keçirəcək. Görüşdən əvvəl Matiaşvili Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general-leytenant Valeri Zalujni və Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmeko ilə görüşüb.

“Gürcüstan Müdafiə Qüvvələrinin rəhbəri ukraynalı və slovakiyalı həmkarlarına siyasi və praktiki dəstəyə görə təşəkkür edib, müdafiə sahəsində əməkdaşlığın dərinləşməsinə ümid etdiyini qeyd edib və gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı ilə söhbətin əsas mövzusu Qara dəniz regionunda təhlükəsizlik mühiti və Rusiyanın artan rolu olub. General-mayor Qiorqi Matiaşvili Krım və Şərqi Ukrayna regionlarının işğalını pisləyib və vəziyyətin sülh yolu ilə, beynəlxalq hüquq prinsipləri və normalara uyğun həllinin vacibliyini vurğulayıb.

Gürcü və ukraynalı həmkarlar həmçinin iki ölkənin müdafiə nazirliklərində aparılan islahatlar, NATO və Avropa İttifaqı ilə əməkdaşlıq prosesi haqqında məlumat mübadiləsi aparıblar. General-mayor Qiorqi Matiaşvilinin sözlərinə görə, Qafqaz və Qara dəniz regionunda problemlər və Rusiya tərəfindən artan təhlükələr fonunda NATO-ya üzv dövlətlərlə əməkdaşlığın gücləndirilməsi gürcü tərəfi üçün prioritet məsələdir. O, bu barədə Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşdə danışıb və NATO-ya üzv dövlətlərlə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Gürcüstan Müdafiə Qüvvələrinin rəhbəri Slovakiya tərəfini Gürcüstan Müdafiə Qüvvələrində aparılan islahatlar, gedən transformasiya prosesi barədə məlumatlandırıb və NATO-Gürcüstan Əsas Paketinin (SNGP) həyata keçirilməsində eləcə də NATO və Aİ formatlarında Slovakiyanın göstərdiyi yardımı xatırladıb”-deyə MN-nin Mətbuat Xidmətinin məlumatında deyilir.

Yanvarın 12-13-də Belçikanın paytaxtı Brüsseldə NATO Hərbi Komitəsinin iclasları keçiriləcək və burada ali hərbi qurumun nümayəndələri alyans üçün strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə edəcəklər.