Gürcüstan milli komandası Avropa çempionatının seçmə mərhələsini Norveçlə heç-heçə ilə açdı #1TVSPORT
Gürcüstan milli komandası Avropa çempionatının seçmə mərhələsini Norveçlə heç-heçə ilə açdı #1TVSPORT

 

Gürcüstanın futbol komandası Avro-2024-ün ilk oyununda “Batumi Arena”da Norveç millisini qəbul etdi- görüş 1:1 hesabı ilə başa çatdı.

Bu, “xaçlılar” üçün seçmə mərhələdə ilk oyun idi, norveçlilər isə martın 25-də Malaqada İspaniya ilə ilk görüşdə 0:3 hesabı ilə məğlub olmuşdular və Gürcüstanla görüşdə xal almağa ümid edirdilər. Bu işdə onlara əsas zərbəçi qüvvə, “Manchester City”nin ulduzu Erlinq Haaland kömək edə bilmədi, onun yoxluğunda norveçlilərin baş məşqçisi Stalle Solbaken “Real Sociedad”ın futbolçusu Aleksandr Sorlotu əsas oyunçular sırasına saldı.

İlk dəqiqələrdə topa norveçlilər nəzarət edirdilər və 15-ci dəqiqədə hesabı açdılar. Cərimə meydançası yaxınlığında oynanan hücumdan sonra Fredrik Aursnes Aleksandr Sorlotu dəqiq zərbə vuran mövqeyə çəkdi – 0:1.

İlk hissədə norveçlilər böyük üstünlüyə malik idilər, 34-cü dəqiqədə komandamız ikinci qoldan xilas oldu – Mohamed Eliunusun zərbəsini Qiorqi Mamardaşvili dəf etdi, Fredrik Aursnes isə təkrar zərbədən yararlana bilmədi.

İlk real qol imkanını 39-cu dəqiqədə Xviça Kvaratsxelia yaratdı – Gürcüstan komandası nəhayət əks-hücum həyata keçirməyə nail oldu, İrakli Azarov isə cərimə meydançasında topu ələ keçirən Xviçanı tapdı, lakin onun zərbəsi qapıdan azacıq yan keçdi.

İkinci hissədə Vili Saniol Budu Zivzivadze və Saba Lobjanidzeni oyuna çıxardı, oyun sxemini isə 4-4-2-yə dəyişdi. Bu, komandamızın ilk yaxşı hücumu ilə üst-üstə düşdü, Nika Kvekveskiri Qiorqi Mikautadzeyə yaxşı ötürmə verdi, “Metz”in hücumçusu isə topu meydanın mərkəzindən alaraq qapıçı ilə üzbəüz mövqedə tarazlığı bərpa etdi- 1:1.

Gürcüstan üstünlüyə malik idi, hərçənd norveçlilər 72-ci dəqiqədə təhlükəli əks-hücum həyata keçirməyi bacardılar, Sorlot yenidən qapıçı ilə üz-üzə qaldı, lakin Qiorqi Mamardaşvili mükəmməl oynadı və komandanı qoldan xilas etdi. 77-ci dəqiqədə isə Sorlot yenə də gözəl şansdan yararlana bilmədi, Martin Edeqor təkrar zərbədə topu qapıdan keçirə bilmədi.

Son dəqiqələr gərgin keçdi, hər iki qapı qarşısında qol anları yarandı, lakin sonda görüş heç-heçə ilə yekunlaşdı – 1:1.