Gürcüstan çoxmillətli "Trojan Footprint 24" təliminə ev sahibliyi edir
Gürcüstan çoxmillətli "Trojan Footprint 24" təliminə ev sahibliyi edir

 
Gürcüstan çoxmillətli “Trojan Footprint 24” təliminə ev sahibliyi edir. Müdafiə Nazirliyinin yaydığı məlumat üzrə, təlimdə Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığının bölmələri iştirak edir.

NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) təlimin rəsmi açılış mərasimi keçirilib. Müdafiə Qüvvələrinin komandanının müavini briqada generalı İrakli Çiçinadze, Xüsusi Əməliyyat Qüvvələrinin komandanı polkovnik Otar Berianidze və ABŞ-ın Gürcüstandakı Müdafiə Sahəsində Əməkdaşlıq Ofisinin rəhbəri polkovnik-leytenant Erol Munir təlim iştirakçıları qarşısında çıxış edərək onlara uğurlar arzulayıblar.

“Trojan Footprint 24” təlimi ABŞ-ın Avropadakı Xüsusi Əməliyyatlar Qüvvələri Komandanlığının (US-SOCEUR) təşkilatçılığı ilə eyni vaxtda üç ölkədə – Rumıniya, Yunanıstan və Gürcüstanda keçirilir. Gürcüstanda keçiriləcək komponentdə ABŞ, Böyük Britaniya, Rumıniya, Polşa və İspaniyanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələri iştirak edir. Təlimdə Milli Qvardiyanın ehtiyatda olan ərazi müdafiəçiləri və könüllü təşkilatların nümayəndələri də iştirak edəcəklər. Təlimlər çərçivəsində gürcü hərbçilər tərəfdaş ölkələrin xüsusi əməliyyat qüvvələrinin nümayəndələri ilə birlikdə Şərqi və Qərbi Gürcüstanda quru və dəniz komponentləri üzrə təlim keçəcəklər.

“Trojan Footprints 24” iştirakçı ölkələr arasında qarşılıqlı əlaqəni artırmaq, təcrübə mübadiləsi və hazırlıq səviyyəsini yüksəltmək məqsədi daşıyır.

Gürcüstanın Müdafiə Qüvvələri artıq üçüncü dəfədir ki, çoxmillətli təlimdə iştirak edir. Bu cür beynəlxalq təlimlərdə iştirak etməklə Gürcüstan çəkindirmə və sabitlik imkanlarını gücləndirir, müdafiə qabiliyyətini və NATO-ya üzv dövlətlərlə uyğunluğunu artırır”- Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.