Gürcüstan altıncı dəfə çoxmillətli "Layiqli Tərəfdaş" təliminə ev sahibliyi edəcək
Gürcüstan altıncı dəfə çoxmillətli "Layiqli Tərəfdaş" təliminə ev sahibliyi edəcək

 

Gürcüstan artıq altıncı dəfə çoxmillətli “Layiqli Tərəfdaş” təliminə ev sahibliyi edəcək. Müdafiə Nazirliyinin “Armihall”unda hərbi təlimlərin başlanması ilə bağlı məlumat brifinqi keçirilib. Müdafiə Qüvvələrinin Şərq Komandanı – “Layiqli Tərəfdaş 2022″nin rəhbəri, briqada generalı Roland Dzneladze təlimlə bağlı təqdimatla çıxış edib.

O, təlimin məqsəd və vəzifələrindən danışaraq, Gürcüstanın Müdafiə Qüvvələri üçün çoxmillətli təlimlərdə iştirakın və müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Müdafiə Qüvvələrinin komandanı general-mayor Qiorqi Matiaşvili, onun müavinləri, müdafiə nazirinin müavinləri, təlimdə iştirak edən ölkələrin müdafiə attaşeləri və NATO-nun əsas qrupunun xarici ekspertləri brifinqdə iştirak etmək üçün “Armihall”da bir araya gəlmişdilər.

“Layiqli Tərəfdaş 2022″nin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiq ölkələr arasında hazırlığı və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır. Bu il təlim tarixində ilk dəfə olaraq Yaponiya və İsveç silahlı qüvvələrinin nümayəndələri iştirak edəcəklər. Çoxmillətli təlimlərdə 2400-dən çox hərbçi iştirak edir. Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa, Yaponiya, Litva- Polşa-Ukrayna Çoxmillətli Briqadası və İsveç Silahlı Qüvvələri builki çoxmillətli təlimlərin iştirakçılarıdır” -deyə Gürcüstan Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.