Gürcü şairi Cansuq Çarkviani vəfat  etdi
Gürcü şairi Cansuq Çarkviani vəfat etdi

Cansuq Çarkviani 86 yaşında dünyasını dəyişmişdir.Gürcü şairi son bir neçə ay ərzində xəstəliyə düçar olmuşdu.

Cansuq Çarkviani 1953-cü ildə Tbilisi Dövlət  Universitetini bitirmişdir. Onun ilk şeiri 1947-ci ildə nəşr olunmuşdur. 1959-cu ildə  şairinin “Bir gecənin sakitliyində” ilk şeirlər kitabı işıq üzü görmüşdür. Eləcə də  “İnam divarı” (1970), “Böyük parlaq” (1980), “ Bir cildlik” (1981), “ Seçilmiş poemalar” (1983),  “Mən və sən” (1984), “Başqasına heç də xidmət etməyim!” (1989), “Azadlıq aslanların qismətidir” kitabları nəşr edilmişdir. 1991-1993-cü illərdə onun əsərlərinin iki cildliyi nəşr edilmişdir. Şairin şeirləri  bir çox dilə tərcümə olunmuşdur. 1962-63-cü illərdə “Siskari” (“Dan ulduzu”) jurnalının məsul katibi, 1963-67-ci illərdə – “Dila” (Səhər) jurnalının baş redaktoru, 1967-77-ci illərdə “Siskari” jurnalının baş redaktoru, 1977-87-ci illərdə – Gürcüstan Yazıçılar İttifaqının katibi,  “Droşa” (Bayraq) jurnalının baş redaktoru olmuşdur.  Gürcüstan Yazıçılar İttifaqı İdarə heyətinin Rəyasət Heyyətinin üzvü, Gürcüstan Yazıçılar İttifaqının katibi, “Sabçota Sakartvelo” (Sovet Gürcüstanı)  nəşriyyatının direktoru, “Tbiliseli” cəmiyyətinin prezidenti olmuşdur.

Ona 1978-ci ildə Qalaktion Tabidze adına mükafat, 1985-ci ildə, 1983-84-cü illərdə dərc olunan şeirlər silsiləsinə görə Şota Rustaveli adına dövlət mükafatı verilmişdir.

1998-ci ildə Şalva Dadiani ədəbi mükafatını almışdır. Şərəf ordeni kavaleridir. Tbilisinin fəxri vətəndaş  adına 1966-cı ildə laqiq görülmüşdür. 1995-ci və 1999-cu illərdə Gürcüstan parlamentinin iki çağırış deputatı olmuşdur.