General-mayor Qiorqi Matiaşvili ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi ilə görüşüb
General-mayor Qiorqi Matiaşvili ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi ilə görüşüb

 

Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili Almaniyada səfərdə olub və Avropa Quru Qoşunlarının Konfransında iştirak edib.

Səfər çərçivəsində general Matiaşvili ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, general Ceyms Makkonvil ilə görüşüb. Görüşdə ABŞ-ın Avropa və Afrikadakı quru qoşunlarının yeni təyin olunmuş komandanı general Daril Uiliyam da iştirak edib. İkitərəfli görüş zamanı regionda yaranmış təhlükəsizlik mühitinə, Ukraynada davam edən hərbi əməliyyatların regionun təhlükəsizliyinə təsirinə, Rusiya Federasiyasından gələn təhlükələrə toxunulub. Tərəflər Gürcüstan Müdafiə Qüvvələrinin inkişafı üzrə 10 illik proqram çərçivəsində cari və planlaşdırılan tədbirlərdən və bu prosesdə ABŞ-ın dəstəyinin gücləndirilməsindən danışıblar.

Avropa Quru Qoşunlarının illik konfransı Almaniyanın Qarmiş şəhərində Corc Marşall adına Təhlükəsizlik Məsələlərinin Tədqiqatı üzrə Avropa Mərkəzində keçirilib. Tədbirdə otuza yaxın Avropa ölkəsinin quru qoşunlarının və müdafiə qüvvələrinin komandanları iştirak ediblər. Gürcüstan, Ukrayna və Moldova konfransa dəvət olunmuşdu. İştirakçılar Rusiya Federasiyasının Ukraynada həyata keçirdiyi hərbi əməliyyatları və onun qlobal təhlükəsizliyə təsirini müzakirə ediblər. Uyğunluq və koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi yolu ilə döyüş hazırlığının və müdafiə qabiliyyətinin gücləndirilməsi məsələlərinə toxunulub.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.