Ermənistanın iqtisadiyyat naziri ölkənin Rusiya qazı üçün ödənişləri rublla həyata keçirməyə başladığını bildirib

 

Ermənistan Rusiya qazı üçün ödənişləri rublla həyata keçirməyə başlayıb.

Erməni mətbuatının məlumatına görə, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan Rusiyanın RBC nəşrinə müsahibəsində bildirib.

Rusiya qazının Ermənistana tədarükünün 2022-ci ildən sonra da davam edib-etməyəcəyi, həmçinin hansı valyutada ödənişin edildiyi və tərəflərin valyutanı dəyişmək niyyətində olub-olmaması ilə bağlı ünvanlanan suala Vahan Kerobyan belə cavab verib:

“Bildiyimə görə, son bir neçə ödəniş rublla olub, lakin müvafiq məzənnə ilə. Qiymətləndirmə dollarla aparılır, lakin əgər yanılmıramsa ödəniş rublla həyata keçirilir. Qiymət və ya ödəniş sahəsi istiqamətində növbəti suallara gəlincə, məncə, anlayış var , biz milli valyutaya keçməliyik. Rusiya tərəfindən də bu istiqamətdə irəliləyişin olduğunu düşünürəm” -deyə Kerobyan bildirib.