Ermənistan prezidenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb
Ermənistan prezidenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb.

Ermənistan mediasının məlumatına əsasən, prezident Qanunun statutunun 3-cü hissəsinin 12-ci maddəsinə əsaslanaraq “Beynəlxalq Cinayət Məhkəməsinin Ermənistan Respublikası tərəfindən köhnə tarixlə yurisdiksiyasının tanınması” bəyanatının təsdiqini də imzalayıb.

Xatırladırıq ki, Ermənistan parlamenti oktyabrın 3-də Roma Statutunu ratifikasiya edib.

Ermənistan 1998-ci il iyulun 17-də Roma Statutunu imzalasa da, hələ də ratifikasiya etməmişdi. 2004-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi onu o vaxt qüvvədə olan konstitusiyaya uyğun gəlməyən kimi tanıyıb. 2022-ci ilin sonunda Ermənistan hökuməti Roma Statutunun Konstitusiyaya uyğunluğunu yoxlamaq üçün yenidən Konstitusiya Məhkəməsinə müraciət edib. Martın 24-də məhkəmə bunun ölkənin əsas qanunlarına uyğun olması barədə qərar çıxarıb.

Xatırladırıq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Moskva Ermənistanın Roma Statutunu ratifikasiya etməsinin ikitərəfli münasibətlər üçün mənfi nəticələri olacağını bildirib. Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskovun dediyinə əsasən, Rusiya istəməz ki, Vladimir Putin nə vaxtsa müttəfiq Ermənistana səfərdən imtina etsin.