Entoni Blinken Rusiya tərəfindən Ukraynanın dənli bitkilərinin ixracına qoyulan blokadanı şantaj adlandırır
Entoni Blinken Rusiya tərəfindən Ukraynanın dənli bitkilərinin ixracına qoyulan blokadanı şantaj adlandırır

 

ABŞ dövlət katibi Entoni Blinken Rusiya tərəfindən Ukraynanın dənli bitkilərinin ixracına qoyulan blokadanı şantaj adlandırır. Bu barədə Entoni Blinken Vaşinqtonda xeyriyyəçilərin, QHT-lərin və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən virtual tədbir zamanı bildirib.

“Odessa yaxınlığındakı anbarlarda 20 milyon tona qədər buğda qalıb və Rusiyanın blokadası səbəbilə dənli bitkilərlə yüklənmiş gəmilər Odessa limanında qalıb. Rusiya qüvvələri Ukraynanın ən məhsuldar kənd təsərrüfatı torpaqlarının bir hissəsini işğal ediblər. Onlar tarlaları minalayıblar. Kənd təsərrüfatı üçün həyatı önəm daşıyan infrastrukturu dağıdıblar. Rusiyanın Ukrayna taxılını öz xeyrinə satmaq üçün oğurlaması ilə bağlı etibarlı məlumatlar var. İndi Rusiya özünün ərzaq ixracını da məhdudlaşdırır. Hamısı məqsədyönlüdür. Biz bilirik ki, prezident Putin ərzaq ixracını əngəlləyir və məsuliyyətdən yayınmaq üçün təbliğat maşınından aqressiv şəkildə istifadə edir, çünki o, dünyanı güzəştə getməyə və sanksiyaları ləğv etməyə ümid edir. Başqa sözlə, sadə şəkildə desək bu, şantajdır” -deyə Blinken bildirib.

ABŞ dövlət katibi beynəlxalq ictimaiyyəti yaranmış vəziyyətə birgə reaksiya verməyə çağırıb.