Emmanuel Makron - "Soyqırım" sözü siyasətçilər tərəfindən deyil, hüquqşünaslar tərəfindən müəyyənləşdirilməlidir

 
“Soyqırım” sözü siyasətçilər tərəfindən deyil, hüquqşünaslar tərəfindən müəyyənləşdirilməlidir-bu barədə Fransa prezidenti Emmanuel Makron France Bleu-ya müsahibəsində bildirib.

Emmanuel Makronun sözlərinə görə, Rusiyanın Ukraynada törətdiyi əməlləri təsvir etmək üçün “soyqırım” sözündən istifadə edilməsi gərginliyi artıracaq və bu da, sülh sazişinin əldə edilməsi səylərini çətinləşdirəcək.

“Sözlərin mənası var və mütləq diqqətli olmalısan, çünki sülhə nail olmağa cəhd etmək və ya heç olmasa bu müharibəyə son qoymaq, nəticə etibarı ilə nəyin bahasına olursa olsun gərginlikdən qaçınmaq, Fransa və fransızları davam edən müharibədən qorumaq mənim vəzifəmdir” –deyə Makron bildirib.

Fransa prezidentinin sözlərinə görə, əgər bu soyqırımdırsa, o zaman bunu soyqırım hesab edən dövlətlər beynəlxalq konvensiyaya uyğun olaraq müdaxilə etməlidirlər.

Bununla yanaşı, Makron Buça və Mariupoldakı mənzərədən hamının dəhşətə düşdüyünü qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyanın törətdiyi əməlləri soyqırım kimi qiymətləndirərkən belə bir bəyanat vermişdi : “Bu cür terminlərlə ehtiyatlı davranardım, çünki bu iki xalq- ruslar və ukraynalılar qardaşdır”. Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi isə Emmanuel Makronun bu bəyanatının məyusedici olduğunu qeyd etmişdi. “Qardaş” xalqlar uşaqları öldürmürlər, dinc insanlara atəş açmır, qadınları zorlamır, qocaları şikəst etmirlər, digər “qardaş” xalqların evlərini dağıtmırlar. Ən qəddar düşmənlər belə müdafiəsiz insanlara qarşı qəddarlığa yol vermirlər”-deyə qurumun mətbuat katibi Oleq Nikolenko bildirib.

Bununla yanaşı, ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynada törətdiyi əməlləri soyqırım adlandırıb.