Emmanuel Makron - Qəzzada uşaqlar, qadınlar, qocalar bombalanır və öldürülür, bunun heç bir əsası yoxdur, İsraili dayanmağa çağırırıq
Emmanuel Makron - Qəzzada uşaqlar, qadınlar, qocalar bombalanır və öldürülür, bunun heç bir əsası yoxdur, İsraili dayanmağa çağırırıq

Fransa prezidenti Emmanuel Makron İsraili Qəzzada uşaq və qadınların öldürülməsini dayandırmağa çağırıb. Emmanuel Makron bu barədə “BBC”yə eksklüziv müsahibəsində bildirib.

“Bu gün faktiki olaraq vətəndaşlar bombalanır. Uşaqlar, qadınlar, qocalar bombalanır və öldürülür. Bunun üçün heç bir səbəb və əsaslandırma yoxdur. Buna görə də biz İsraili dayanmağa çağırırıq”, – Fransa lideri bildirib.

Emmanuel Makron qeyd etdiyinə əsasən, Fransa İsrailin özünümüdafiə hüququnu tanıyır, lakin Qəzza sektorunun bombalanmasına son qoymağa çağırır. Eyni zamanda Makron Fransanın “HƏMAS”ın terror fəaliyyətlərini açıq şəkildə qınadığını vurğulayıb.

Biz İsrailin ağrısını və onların terrordan xilas olmaq istəyini bölüşürük. Biz Fransada terrorun nə demək olduğunu bilirik”, – Makron bildirib.

Bununla belə, Makron qeyd edib ki, beynəlxalq hüququn pozulub-pozulmadığını mühakimə etmək onun vəzifəsi deyil.

“Mən hakim deyiləm. Mən dövlət başçısıyam”, – Makron bildirib.

İsrail baş nazirliyi Emmanuel Makronun açıqlamalarına cavab verib və qeyd edib ki, ölkələr İsraili deyil, “HƏMAS”ı qınamalıdır.

“Həmasın bu gün Qəzzada törətdiyi cinayətlər sabah Parisdə, Nyu-Yorkda və dünyanın başqa yerlərində törədiləcək”, – Netanyahunun ofisinin bəyanatında deyilir.

Xatırladaq ki, Emmanuel Makron noyabrın 9-da Parisdə Qəzza problemi ilə bağlı beynəlxalq humanitar konfransa ev sahibliyi edib.