Dünya Bankı qlobal iqtisadi artımla bağlı proqnozunu azaldıb. Təşkilatın məlumatına görə, 2022-ci il üçün qlobal artım proqnozu Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən 4,1%-dən 3,4%-ə azalıb. Müvafiq məlumatı “BBC” Dünya Bankının prezidenti Devid Malpasaya istinadən yayır.
Bununla yanaşı, Dünya Bankının proqnozuna görə, Ukrayna iqtisadiyyatı bu il təxminən iki dəfə azalacaq. Mövcud məlumatlara əsasən, münaqişə nəticəsində ölkədəki bizneslərin yarısı bağlanıb və ixrac azalıb.
Beynəlxalq Maliyyə İnstitutunun ekspertlərinin qiymətləndirməsinə görə, Rusiyanın başlatdığı müharibə Şərqi Avropa və Asiyanın bir hissəsinə koronavirus pandemiyasından daha çox zərər vuracaq.
Dünya Bankı Ukraynaya yardım olaraq artıq 1 milyard dollar ayırıb və yaxın aylarda daha 2 milyard dollar ayıracağının vədini verib.