Dedoplistsğaroda Zemo Kedi kəndində fermerlər aksiya keçiriblər
Dedoplistsğaroda Zemo Kedi kəndində fermerlər aksiya keçiriblər

Fermerlər deyiblər ki, bu il bir kiloqram buğdanın qiyməti 40-45 tetridir və maya dəyərini qarşılamır. Fermerlər bunu Gürcüstana külli miqdarda xaricdən ucuz taxıl və un gətirməklə izah edir və qiymətlərin düşməsi ilə yanaşı, daxili bazarda gürcü buğdasına tələbatın da azaldığını qeyd edirlər.

Fermerlər hökuməti yerli istehsal buğdasını və onun satışını ölkədə prioritet məsələyə çevirməyə çağırırlar. Onlar hökumətdən xaricdən gətirilən una vergi qoyulmasını tələb edirlər.

“Bir kiloqram buğda yetişdirmək bizə 80 qəpiyə başa gəlir.  Bizə deyirlər ki, buğdanız keyfiyyətsizdir, bu doğru deyil. Arxamızda ailələrimiz var. Məhsul yetişdirmək üçün kredit almışıq, evlərimizi banka qoymuşuq. Başqa gəlirimiz yoxdur və borcumuzu ödəyə bilmirik. Əgər hökumət xaricdən gətirilən taxıllara müəyyən vergi qoymasa, bu il “Şirak” vadisində buğda səpilməyəcək” – deyə fermerlərdən biri bildirib.

Bundan başqa, onların sözlərinə görə, hökumət problemin həlli ilə bağlı fermerlərə verdiyi vədi yerinə yetirməyib, bu səbəbdən yüzlərlə ailə gəlirsiz qala bilər.