Gürcüstanın müdafiə naziri Səudiyyə Ərəbistanı Krallığının fövqəladə və səlahiyyətli səfiri Abdulla Əl-Mutair ilə görüşüb.
Müdafiə Nazirliyinin məlumatına görə, Cuanşer Burchuladze səfirə səfərə görə təşəkkür edib, Gürcüstan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini bildirib. Görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri və əlaqələrin gələcək planları müzakirə olunub.
Söhbət zamanı hərbi-sənaye sahəsində əməkdaşlığın əhəmiyyətinə xüsusi diqqət yetirilib. Səudiyyə Ərəbistanının səfiri müdafiə nazirinə onun həmkarı, vəliəhd şahzadə, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun dəvətini çatdırıb.
Tərəflər strateji səviyyəli səfərlərin iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini qeyd ediblər.