Cuanşer Burchuladze litvalı həmkarı ilə görüşüb
Cuanşer Burchuladze litvalı həmkarı ilə görüşüb

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Litvanın müdafiə naziri Arvidas Anuşauska ilə görüşüb. Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda görüşdə tərəflərin regionda təhlükəsizlik problemlərini müzakirə etdikləri deyilir.

Cuanşer Burchuladze Litvanın Gürcüstanın görkəmli, sıx və sadiq strateji tərəfdaşı olduğunu qeyd edib.

“Gürcüstan-Litva arasında əməkdaşlığın, xüsusən də müxtəlif layihə və təşəbbüslərdə birgə iştirakın vacibliyinə xüsusi diqqət yetirilib. Tərəflər NATO-nun gələn il Vilnüsdə keçirilməsi planlaşdırılan sammitində Gürcüstanın perspektivlərini və konkret addımları müzakirə ediblər. Tərəflər Qara dəniz regionunda sabitliyin vacibliyinə diqqət çəkərək bir daha Ukraynaya dəstək ifadə ediblər.

Cuanşer Burchuladze NATO və Aİ standartlarına uyğunluq baxımından Müdafiə Nazirliyində həyata keçirilən islahatları həmkarına təqdim edib. İki ölkənin müdafiə nazirlikləri arasında mövcud sıx strateji əməkdaşlığa, eləcə də ikitərəfli əməkdaşlığın artan dinamikasına və gələcək perspektivlərə toxunulub.

Tərəflər hərbi təhsil, kibertəhlükəsizlik, strateji kommunikasiyalar, icbari hərbi xidmət, yaralı hərbçilərin reabilitasiyası, milli müdafiə akademiyaları arasında mübadilə səfərləri, eləcə də birgə təlimlər sahələrində əməkdaşlıq haqqında ikitərəfli əməkdaşlığın konkret planını müzakirə ediblər.

Görüşün sonunda Cuanşer Burchuladze və Arvidas Anuşauska Gürcüstan və Litva arasında müdafiə sahəsində strateji əməkdaşlığa dair birgə kommünike imzalayıblar.

Görüşdə müdafiə nazirinin birinci müavini Lela Çikovani, Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili, komandanın müavini, briqada generalı İrakli Chichinadze, Litvanın Gürcüstandakı səfiri Andrius Kalindra, Müdafiə Nazirliyinin digər rəsmi şəxsləri və Litva nümayəndə heyəti iştirak ediblər.

Səfər çərçivəsində Litvanın müdafiə naziri NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzini (JTEC) ziyarət edib, Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların xatirə abidəsi önünə əklil qoyub” – deyə Gürcüstanın Müdafiə Nazirliyi tərəfindən yayılmış məlumatda bildirilir.